Millətçilik

Etnos və millətin fərqi nədən ibarətdir?

303 izlənmə

Paylaş

 

2

Ceyhun Mahmudlu

Politologiya

Paylaşılma tarixi

13 avgust 2016 09:49

Ümumiyyətlə ictimai müzakirələrdə etnos və millət arasında müzakirə aparıldığı zaman bu iki fikir arasında bir qarışıqlılığın olduğunu görürük. Ümumiyyətlə müzakirə zamanı aydın olur ki, bəzən bu fikirləri sinonim kimi qəbul edirlər bəzən də bir birindən fərqli anlayışlar olaraq görürlər. Elmi ədəbiyyata nəzər salsaq millətin formalaşması və onun tarxi mənşəyi ilə əlaqədar əsasən üç nəzəri məktəb: primordialistlər, modernistlər və etno simvolistlər arasında müzakirələrin getdiyinə şahidi ola bilərik. Bu məktəblər arasında ilk olaraq primordialistlər öz mövqeylərini ortaya qoyaraq iddia edirlər ki, millətin formalaşması uzun tarixi proseslərdən keçmiş, onun ortaya çıxması üçün əsas birləşdirici komponentlər olan, tarixi bağlılıq, ortaq dil, din, adət, ən-ənə və hətta qan bağlılığı əsas rol oynamışdır. Qısaca olaraq desək millət ilə etnos arasında ciddi bir fərqlilik qoyulmayaraq onların eyni bir anlayış olduğunu iddia edirlər. Primordialistlərdən fərqli olaraq Modernistlər millətin formalaşmasının yaxın tarixi proseslərin nəticəsində ortaya çıxmış modernizmin bir məhsulu olduğunu israr edirlər. Modernistlərə görə fərd özünü hansısa millətə aid olduğunu özü müəyyənləşdirir. Ernest Renenin dili ilə desək özü ilə keçirmiş olduğu gündəlik plebisit əsasında qərar verir. Modernistlər üçün millət və onun özəyini təşkil edən identiklik ya ixtira olunur, ya inşa edilir yada ki, siyasi alət olaraq kütləyə təlqin edilir. Etno-simvolistlərə gəlincə onlar ən son olaraq ortaya çıxıb, özlərindən əvvəlki iki mövqeyin güclü tərəflərini birləşdirərək öz versiyalarını ortaya qoyublar. Onların fikrinə görə, baxmayaraq ki, millət bir konseptual baxış kimi modernizmin məhsulu olaraq ortaya çıxmışdır, onun əsası bir və ya bir neçə etnosun birləşməsi ilə təşkil olunmuşdur. Onlar fikirlərini davam etdirərək iddia edirlər ki, tarixin bütün dövrlərində mövcud olan etnoslar bu dövrlər ərzində müxtəlif dəyərlər qazanmış və müasir dövrdə də onların özəyini təşkil etdiyi milli dövlətlər öz millətlərini formalaşdırdıqları zaman həmin dəyərlərə əsaslanan simvollardan istifadə edirlər. 

Etiketlər :